Bu yol bələdiyyələri uğura apara bilər
Uzun
illərdən bəri bələdiyyə sahəsində
apardığm müşahidələrdən belə qənaətə gələ bilərəm ki, ölkə bələdiyyələrinin
inkişafı bir neçə məqamdan çox asılıdır. Bu məqamları təhlil etdikdə belə bir nəticəyə
gələ bilərik ki, bələdiyyənin inkişafı, xüsusəndə üzləşdikləri problemlərin həllində
ilk olaraq “öz istək”lərinin olması ən
vacib məqamdır. Bu barədə bir qədər sonra.
Əvvəlcə
qeyd edim ki, bələdiyyə sədri məqamında
bələdiyyə-vətəndaş, bələdiyyə-icra münasibətlərini tənzimləyərsə ilk növbədə bu qurumların inkişafına şərait yaratmış olacaqdır. Bələdiyyə-vətəndaş münasibətləri əsasən seçicilərlə mütəmadi
olaraq qəbulların keçirilməsi, onların üzləşdiyi problemlərin dinlənilməsi və
çıxış yollarının müəyyən edilməsi kimi başa düşülməlidir. Son bələdiyyə seçiklərindən
sonra formalaşan bələdiyyələrdən Sumqayıt, Ağcabədi və Şabran bələdiyyələrində
artıq vətəndaş qəbulları davamlı şəkildə keçirilir. Onu da
etiraf edək ki, bələdiyyənin əlində vətəndaşın qaldırdığı problemlərin həllin
ilə bağlı elə də ciddi “rıcaqlar” hələ
ki yoxdu. Ancaq bütün hallarda vətəndaşı dinləmək özü bu sahədə atılmalı olan
ilk addımdır. Məhz bu addım nəticə etibarı ilə bələdiyyədə hesabatlılığın və şəffaflığın
təmin edilməsinə şərait yaradır. Bununla yanaşı bələdiyyə-icra münasibətlərinin tənzimlənməsinin
mühüm əhəmiyyəti vardır.
Beləliklə,
əvvəlcə bu istiqamətdə üzləşdiyim bəzi
neqativ məqamları bir daha diqqətə çatdırmaq istərdim.
*****
Bir
sıra rayon icra başçları və RİH-lərdə
çalışanlar bələdiyyələrə özlərinin “alt
qatda” olan bir qurumu kimi baxır, bu qurumların inkişafına maraqlı görünmür, daimi bələdiyyələri
təzyiq altında saxlamaqla, onları “yükləmək”
barədə düşünür, hətta bunun üçün yollar axtarırlar. Məhz elə bu səbəbdəndir ki,
əksər hallarda bələdiyyənin maliyyəsi ilə həyata keçirilən layihəni öz adlarına
çıxır, paylaşdıqları məlumatda bələdiyyənin adını çəkməyə belə əziyyət çəkirlər. Hətta səyyar görüşlərdə bələdiyyənin “yükləməklə”
yanaşı, seçicilər qarşısında bəzən “urvatsız” etməklə, həm də özlərində hələ də
“hökm qaldığını” nümayiş etdirmək istəyirlər. Ən faciəli məqam birdə ondadır ki, bəzi
hallarda bələdiyyənin həyata keçirdikləri layihənin icrası ilə bağlı KİV-də məlumatın
paylaşılmasına qarşı çıxır və bunu şərəfli bir addım hesab edirlər. Bu işdə
başçlıca rolu isə RİH-lərdə çalışan aşağıranqlı məmurlar aparır. “Başçı nə deyər”,
“cənab başçı məsləhət görmədi”, “başçı deyir sədr özünü niyə reklam etməlidir”
və sair bu kimi şablon fikirlər söyləməklə bələdiyyə sədrini sanki ruhdan
salmış olurlar. Və ən əsası bu kimi fikirləri siyasi rəhbərin yanında ard-arda
danışaraq “qulaqlarını doldurmaqla” sədrləri
hörmətdən salmaq istəyirlər. Bu məqama böyük əksəriyyət RİH-lərdə rast gəlinir.
Bu arada maraqlı bir məqamı diqqətə çatdırmaq istərdim. Bələdiyyə iftar süfrəsi açır, kifayət qədər qonaqlar, həmçinin RİH başçısı və komandası iştirak edir, amma paylaşılan məlumatda bələdiyyənin adı belə yazılmır. Məni təəcübləndirən odur ki, o məlumatı hazırlayan RİH rəsmisi də bələdiyyənin iftar sürfəsində oturub “öynə”sini yola verir, ancaq məlumatda bələdiyyənin adını yazmağa əli gəlmir. Adama deyərlər ay məmur, heç olmasa yediyin çörəyin haqqını məlumatda bələdiyyənin adını yazmaqla qaytar də. Ayib deyilmi. Xatırladım ki, RİH-lərdə aparılan islahatlar nəticəsində ixtisara düşən belə məmurların bir çoxunun məhz bələdiyyədə işlə təmin olunublar. İndi bu kimi məmurlar bələdiyyədən hansı üzlə əməkhaqqını alacaqlar, çox maraqlıdır. Bələdiyyə tərəfindən atılan bu addım isə əsil humanizm prinsiplərinə söykənir. Nə isə...
*****
Xöşbəxtlikdən,
tədricən bələdiyyəni qəbul edən, onunla bir qurum olaraq hesablaşan, daimi bələdiyyənin
inkişafına dəstək olan RİH-lərdə var. Və
bu RİH-lərin sayı çətin də olsa artmaqdadır.
Mən bununla bağlı bəzi pozitiv məqamları
da oxucularımla bölüşmək istərdim.
Bu
gün Bakının Səbail, Nərimanov, Yasamal, Xətai, Sabunçu, Gəncənin Kəpəz və
Nizami, Sumqayıt şəhərində, habelə Salyan
və Masallı rayonlarında formalaşan bələdiyyələrin əldə etdikləri uğurların
kökündə bələdiyyə-icra münasibətlərinin düzgün istiqamətdə qurulması dayanır. Son
aylarda, paytaxtın Binəqədi, Nizami, Suraxanı və Nəsimi rayonlarında bələdiyyə-icra
münasibətlərinin müsbət yöndə inkişafı yaxın gələcəkdə bu rayonlarında adının siyahıya düşəcəyindən xəbər verir.
Sumqayıt
bələdiyyəsinin illik hesabat yığıncağında icra başçısı Zakir Fərəcovun şəhərdə formalaşan bələdiyyələr haqqında,
xüsusəndə şəhər bələdiyyəsinin sədri Adil Xudadatovun haqqında söylədikləri xoş
sözlər, bələdiyyələrin formalaşdığı gündən bəri bu qurumun fəaliyyətinin praktik şəkildə təhlil etməsi yığıncaq iştirakçılarının hər
birində xoş ovqat yaratmış oldu. Bu gün icra başçısının tövsiyəsinə uyğun şəhərin
“Yaşıl dərə” massivində irimiqyaslı layihənin bələdiyyə tərəfindən icra edilməsi
həm də bələdiyyəyə göstərilən diqqət hesab etmək olar.
Gəncə
Şəhər İcra Hakimiyyətində bələdiyyə sədrinin yubileyi keçirilirsə və bu barədə
məlumat şəhər icra hakimiyyətinin internet resursunda yayılırsa, demək şəhərdə
bələdiyyə-icra münasibətləri düzgün istiqamətə köklənib.
Bu
gün Bakının Səbail, Nərimanov , Yasamal, Xətai və Sabunçu, habelə Masallı və
Salyan rayonlarında formalaşan bələdiyyələrin əldə
etdikləri uğurlarda bu rayonların icra hakimiyyəti başçılarının rolu
böyükdür. Deyərdim ki, bu uğurun kökündə
siyasi rəhbərlərin birbaşa “vasitəçisiz” sədrlərlə işləməsi dayanır. Məhz
bu əməkdaşlığın nəticəsidir ki, adları çəkilən rayon və şəhərlərdə
formalaşan bələdiyyələrin həm büdcə gəlirləri, həm də ərazilərində çəki və
nüfuzu artıb. Ən diqqəti çəkən məqam ondadır bu siyasi rəhbərlərin hər biri bələdiyyəni
bir tərəf kimi görərək bu qurumların inkişafına
maraqlıdır. Çünki bələdiyyənin büdcə gəlirləri artdıqca rayonda həyata keçirilən
layihələrin həcmi də artır. Və bu da nəticədə vətəndaş məmnunluğunun təmin
edilməsinə öz töhfəsini vermiş olur. Əslində hər bir siyasi rəhbər bələdiyyənin
inkişafına maraqlı olmalı və bunun üçün bu qurumların üzlədiklərin problemin həllinə
öz dəstəyini göstərməlidirlər. Bu gün əgər bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi
ilə bağlı RİH-dən verilən rəylərə icra başçısı tərəfindən “veto” qoyulursa, habelə bələdiyyənin üzləşdiyi
hansısa bir problemin həllinə çalışmırsa, üstəlik ayrılan dotasiyaya göz
dikilirsə, bələdiyyələrin əmlakla bağlı üzləşdikləri problemlərin həllinə dəstək
göstərilmirsə, əksinə bələdiyyəyə hansısa layihənin icrası tələb edilirsə demək
münasibətlər yerində deyil və həmin rayon bələdiyyələrindən inkişafı gözləmək mənasızlıqdır.
Əlavə
edim ki, bu gün bələdiyyənin Əmlak Məsələləri Dövlət Xidməti ilə qarşılqlı
münasibətləri az qala sıfır həddinə düşübş. Müvafiq qurumlar, xüsusəndə
Adminsitasiyanın müvafiq sektoru, habelə Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyası və “Bələdiyyələrə onlayn xidmət” mərkəzi bu münasibətlərin tənzimlənməsi
ilə bağlı ciddi addımlar atır. Ancaq məsələ ondadır ki, bələdiyyələrdə bu
istiqamətdə mövcud problemləri ictimalişədirməyə çalışmalı, müvafiq qurumlara
müraciət etməkdən yorulmamalıdırlar. Yəni fikir birliyini bütün istiqamətlərdə ,həm
də sosial media platformalarında göstərməyi bacarmalıdırlar. Və bu işdə yerli icra hakimiyyəti orqanları
da öz sözünü deməli və bələdiyyələrə dəstəyini əsirgəməməlidirlər.
Güman
edirəm, Baş nazir tərəfindən bələdiyyələrin maliyyə resurslarının artmasına
imkan yaradan sonuncü qərarın icrasından sonra atılacaq növbəti addım bələdiyyələrin vergi və rüsumlarının
tariflərinə baxılması olacaqdır. Bununla yanaşı bələdiyyələr özləri əmlakla
bağlı məsələlərin həllini gündəmə gətirməklə problemin həllini sürətlədirməlidirlər.
Etiraf edim ki, bələdiyyələr sadalanan problemlərin tezliklə həllinə çox
ümidlidirlər.
*****
Yuxarıda qeyd etdiyim bir fikrə yenidən qayıdıram: bələdiyyənin inkişafı, xüsusəndə üzləşdikləri problemlərin həllində “öz istək”lərinin olması ən vacib məqamdır. Bu isə o deməkdir ki, sədr, kollegial orqanın rəhbəri olaraq, bütün qüvvəsini əlaqələrin qurulmasına yönəltməli, sədrlərin bütün addımları məhz bələdiyyənin inkişafı naminə atılmalı, digər qurumların da fəaliyyətini bu səmtə yönəltməyə çalışmalıdırlar. Yalnız bu halda bələdiyyə uğura, irəliləyişə nail ola bilər.
Vüqar Tofiqli
Rəylər
0 Rəy